İranın Yeni PUA Gəmisi| O, ABŞ-nin gözlədiyindən daha təhlükəli ola bilər

2025/03/1741240635.jpg
Oxunub: 1061     16:23     11 Mart 2025    
Görünüşcə sadə və müvəqqəti xarakter daşımasına baxmayaraq, İranın yeni PUA-daşıyan gəmisi ölkənin hərbi imkanlarını ciddi şəkildə artırır və Vaşinqton bu təhlükəni ciddi qəbul etməlidir.

Adi yük gəmisinin göyərtəsinə uçuş zolağı yerləşdirib onu “aviadaşıyıcı gəmi” adlandırmaq ilk baxışdan zarafat kimi görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, təxminən bir əsr əvvəl aviadaşıyıcı gəmilərin tarixi məhz bu şəkildə başlamışdı.

Hazırda isə ciddi dəniz gücləri bu ilkin mərhələni keçərək birbaşa təyinatına uyğun gəmi tikməyə üstünlük verirlər. Lakin bu cür layihələr çox baha, mürəkkəb və əvvəlki təcrübəni tələb edən işlərdir. Soyuq müharibə dövründə Sovet donanması böyük iddialarla “Kiyev” sinfini yaratmağa başladı. Əslində bu sinif ABŞ donanmasının “Kitty Hawk” sinfi kimi super aviadaşıyıcı gəmilər səviyyəsində nəzərdə tutulurdu, lakin layihə xeyli kiçildilmiş formada həyata keçirildi. Digər tərəfdən, Çin və Hindistan öz aviadaşıyıcı gəmilərini yaratmağa başlamazdan əvvəl hazır hərbi gəmilər alaraq onların texnologiyasını mənimsəməklə bu mərhələni keçə bildilər.

İran İslam Respublikası isə məcburiyyət üzündən başqa yolu seçdi və mövcud yük gəmisini müharibə gəmisinə çevirmək qərarına gəldi. Qərb dövlətləri Tehrana aviadaşıyıcı gəmi satmaz, Rusiyanın isə təklif edə biləcəyi belə gəmi yoxdur. Çinlə münasibətlər yaxınlaşsa da, Pekin hazırda öz donanmasını gücləndirməyə çalışır. Hətta Rusiya və Çin gəmiqayırma sahəsində ekspertiza təmin etsələr belə (bu isə özü böyük sualdır), İranın gəmiqayırma sənayesi və kifayət qədər maliyyə vəsaiti yoxdur.

Beləliklə, konteyner gəmisindən çevrilmiş “Şəhid Bəhmən Bağeri” (C110-4) hazırda İran İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) üçün qısa müddətdə əldə edilə biləcək ən yaxşı variantdır. Bununla belə, bu qeyri-adi gəminin imkanlarını tamamilə gözdən salmaq olmaz. “Şəhid Bəhmən Bağeri” helikopter və Pilotsuz Uçuş Aparatlarını (PUA) buraxa bilir. Bu da İranın hərbi gücünü Fars körfəzindəki məhdud sahil sularından kənara proyeksiya etmək üçün imkan yaradır. Bir sözlə, kifayət qədər sadə və ucuz başa gəlməsinə baxmayaraq, yeni PUA gəmisinin İran üçün oyun dəyişdirici rolunu oynaması mümkündür və ABŞ bu təhlükəni ciddi qəbul etməlidir.

“PUA-lar İran üçün həqiqətən oyun dəyişdiricidir, lakin daha mühüm sual budur ki, ABŞ PUA müharibəsinin növbəti mərhələsinə nə dərəcədə hazırdır,” - deyə FAA sertifikatına malik PUA operatoru və pilotsuz sistemlərə qarşı texnologiyalar inkişaf etdirən “Gargoyle Systems” şirkətinin həmtəsisçisi Mayk Freyetta xəbərdarlıq edib.

Bu şirkət hazırda mərkəzləşdirilməmiş “Sky Shield” (“Səma Qalxanı”) sistemi yaratmağa başlayıb. Bu sistem dövlət tərəfindən dəstəklənən hərbi PUA-lar, kommersiya PUA-ları və avtonom sistemlər daxil olmaqla müxtəlif pilotsuz uçuş aparatlarını real zamanda izləyib, aşkarlayıb təsnif edə bilir. Bu model aşağı hündürlükdə hava təhlükəsizliyini təmin etmək üçün hava nəqliyyatına nəzarət qurumlarının iş prinsipinə uyğunlaşdırılır.

Asimmetrik Müharibə

Freyettanın “The National Interest” nəşrinə dediyinə görə, İranın PUA strategiyası ucuz başa gələn, lakin yüksək effektivliyə malik asimmetrik müharibə taktikasının təkamülüdür:

“PUA sürüləri, proksi (vəkil) qruplar və süni zəkanın dəstəklədiyi hədəfləmə texnologiyalarından istifadə edərək, İran birbaşa hərbi qarşıdurmaya girmədən daha böyük güclərlə rəqabət apara bilir. Bu sistemlər ABŞ-nin müttəfiqlərinə təzyiq göstərmək, infrastruktura təhlükə yaratmaq və hava hücumundan müdafiə sistemlərini pozmaq imkanı verir”.

“Şəhid Bəhmən Bağeri” bahalı aviadaşıyıcı gəmilərlə müqayisədə daha ucuz, lakin effektiv bir güc vasitəsidir.

“İranın yük gəmilərindən çevrilmiş PUA daşıyan gəmiləri, hərbi dəniz döyüşlərində fundamental dəyişikliyi deyil, daha çox asimmetrik güc proyeksiyasını ifadə edir. Bu gəmilər İranın regional təsir dairəsini artırmasına və təhlükəsizliyi mürəkkəbləşdirməsinə imkan yaradır, lakin əsas təhlükə gəminin özü deyil, məhz PUA-lardır,” - deyə Freyetta əlavə edib.

Əsas Təhlükə Gələcəkdədir

İranın daha effektiv aviadaşıyıcı gəmi yaratmaq səyləri zaman keçdikcə inkişaf edə bilər. Bu prosesə Rusiya, daha çox ehtimalla isə Çin kimi tərəfdaşların dəstəyi də əlavə oluna bilər. Lakin bunun hansı miqyasda olacağı hələ dəqiq bilinmir.

Freyettanın fikrincə, Çinlə İranın PUA gəmiləri sahəsində əməkdaşlığı, texnologiya transferi təhlükəsi ilə müqayisədə daha az narahatlıq doğurur. Çin süni zəka əsaslı PUA müharibəsi, radioelektron müharibə və avtomatik sürü taktikalarında sürətlə inkişaf edir. Əgər İran bu texnologiyalara çıxış əldə etsə, təhlükənin ölçüsü artıq sadə gəmi platformasından kənara çıxaraq, şəbəkələşmiş, avtonom və geniş miqyaslı PUA əməliyyatlarına çevriləcək”.

ABŞ Hazır Olmalıdır

Təxminən 80 il əvvəl ABŞ aviadaşıyıcı gəmilərin təhlükəsini görməmiş, nəticədə Yaponiyanın “Pearl Harbor”a hücumuna hazır olmamışdı. ABŞ yenidən belə səhvə yol verə bilməz.

“Amerika strateji dəyişiklik etməlidir,” – deyə Freyetta qeyd edir.

Bu dəyişiklik “Gargoyle Systems”in “Sky Shield”i və ya digər genişmiqyaslı anti-dron həlli ola bilər. Amma əsas məsələ budur ki, İran və Çin yeni nəsil dron müharibəsinə hazırlaşır və ABŞ köhnə üsullarla davam edə bilməz.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   PUA   ABŞ  


Bizi "telegram"da izləyin